Paşinyan və Putinin Kremlin görüşü necə keçib?| Pavel Zarubinin reportajı

2025/12/1766226918.jpg
Oxunub: 394     09:30     06 Aprel 2026    
Rusiyalı jurnalist Pavel Zarubin öz “Telegram” kanalında Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiyanın prezidenti Vladimir Putinin görüşünün indiyədək yayımlanmayan kadrlarını dərc edib.

Ordu.az xəbər verir ki, jurnalist danışıqları da şərh edərək hadisələrin öz baxış bucağından izahını təqdim edib.

“Karvanda həmişə təcili yardım maşını olur, lakin həmin gün bu maşınlar qaçılmaz olaraq adi vaxtdakından daha çox diqqət çəkirdi”, - deyə Zarubin reportajına belə başlayır.

Jurnalistin sözlərinə görə, “müəyyən gərginlik hələ görüşdən əvvəl hiss olunurdu”.

Daha sonra Zarubin Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan ilə Sergey Lavrov arasında qısa fikir mübadiləsinə diqqət yetirir, burada qısa bir sual səslənir: “Avropa İttifaqı?”

“Ermənistan rəhbərliyi artıq uzun müddətdir ölkəni Avropa İttifaqına aparmağa hazırlaşdığını bildirir və əlbəttə ki, jurnalistlər və hər iki ölkənin milyonlarla sakini çoxdan maraqlanır ki, Nikol Paşinyan bunu necə təsəvvür edir. Axı Ermənistan Avrasiya İttifaqının üzvüdür”, - deyə jurnalist reportajında qeyd edir.

Sonra Zarubin diqqəti Paşinyanın Putinlə söhbəti zamanı qələm və dəftərdən istifadə etməsinə yönəldir.

“Dəftər və qələm ilə. Bəzən sanki eşitdiklərinə təəccüblənirmiş kimi qeydlər aparmağa başladı”, - deyə rusiyalı jurnalist qeyd edir.

Onun sözlərinə görə, adətən belə görüşlərin başlanğıcı ictimai şəkildə çox quru və protokol xarakterli keçir, “lakin bu dəfə bütün problemli məsələlər bir-birinin ardınca açıq şəkildə səsləndirildi”.

“Sanki bütün qeydlər bitib, lakin bir neçə saniyə sonra Paşinyan yenidən əlini dəftərə uzadır, çünki Putin davam edir”, - deyə o bildirir.

İki ölkə liderlərinin Qarabağ mövzusunu müzakirə etməsinə toxunan Zarubin “tam sükut”a diqqət çəkir.

“Kremlin nümayəndəlik zalında tam sükut hökm sürür. Hətta adətən səs-küylə nəyisə yerə salan jurnalistlər belə eşidilmir, amma indi, sanki, zalda olan hər kəsin nəfəsini belə hiss etmək mümkündür”, - deyə Zarubin vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin